Rəfiq Zəka Xəndan

Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Hacıyev (16 iyun 1939, Bakı7 yanvar 1999[1], Bakı) — Azərbaycan yazıçısı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı.

Rəfiq Zəka Xəndan
TəxəllüsüZəka
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri
Milliyyətiazərbaycanlı
AtasıCəfər Xəndan
TəhsiliBakı Dövlət Universiteti
Fəaliyyətişair, dramaturq, ssenarist
Əsərlərinin diliazərbaycanca
Janrlartürkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq
Mükafatları"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989 Azərbaycan SSR Dövlət mükafatı — 1990

Həyatı

Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80–90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.

R. Z. Xəndan heca və əruz vəznlərində əsərlər yazıb. Əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. 30-dan çox kitabı nəşr olunub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Onun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda görkəmli sənət adamları — yazıçılar, şairlər və alimlər maraqlı fikirlər söyləyib.

Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: "Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlistlik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil".

Onun adı türk dünyasında tanınıb və sevilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib. Ötən əsrin 80–90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatı səhifələrində azərbaycanlı şair və yazıçıları haqqında maraqlı yazılar dərc etdirib. Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açılıb.

R. Z. Xəndan həm də bir alim kimi diqqət mərkəzində olub. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilirdi. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.

Şair heca və əruz vəznlərində əsərlər yaratmışdır. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır.

Rəfiq Zəka Xəndan 21 mart 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Şair həmçinin 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.

Kitabları

  • Çağlayan (1962) (Kitabdakı şerlərin böyük qismi və "Səni düşünürəm" poeması çox sevdiyi şair Mikayıl Müşfiqə həsr olunmuşdur).
  • Şerlər (1964)
  • Səadət (1964)
  • Vətən kimlərindir (1964)
  • Meşədə (1964)
  • Altı gül (1965)
  • Nərmin (1970)
  • Vəsilə (1976)
  • Baharın heykəli(1976)
  • Könlümün yadigarı (1974)
  • Əbədi saniyə (1969)
  • Tanışlıq (1975)
  • Nur səhəri (1979)
  • Güllü nənə (1979)
  • Ömür bitər, yol bitməz (1983)
  • Axıb gedən günlərimiz (1984)
  • Yurdum ulusum (1987)
  • Qəhrəman Mehdi (1987)
  • Gül balalar (1987)
  • Salam olsun (1987)
  • Dostlar sağ olsun (1988)
  • Azərbaycanın səsi (1989)
  • Ocaqdaşlarım (1990)
  • Qızqayıt (1991)
  • Seçilmiş əsərləri (1992)
  • Atatürkiyə (1993)
  • Heydər baba (1993)
  • Dünyanın yarısı türkdür (1994)
  • Unudulmuş dahi (1994)

Filmoqrafiya

  1. Dəli Kür (film, 1969)
  2. Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  3. Axtaran tapar (film, 1980)

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Rəfiq Zəka Xəndan — Qurban verərdim — Kamran M. Yunis