Hela (komiks)

Hela – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Yaradıcıları Sten Li və Cek Körbidir. Hela Asqardda Ölüm ilahəsi kimi tanınır. Personaj German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Komikslərin Gümüş dövründə debüt edən Hela ilk dəfə "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) görünmüşdür.

Hela
ing. Hela
NəşriyyatABŞ Marvel Comics
Yayım tarixiJourney into Mystery #102 (mart 1964)
Yaradıcı(lar)Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Cinsiyyətiqadın
Boyu213 sm
Çəkisi227 kq
Göz rəngiyaşıl
Saç rəngiqara
Komiks bioqrafiyası
KainatEarth-616
ÜzvlükləriCəhənnəm lordları
Ölüm tanrıları
PartnyorlarıLoki, Midqard ilanı, Tir, Fenris qurdu
YaxınlarıTor
DüşmənləriTor
LəqəbləriÖlüm kraliçası
Güclərisupergüc, superdayanıqlılıq, telepatiya, qara magiya, reinkarnasiya, teleportasiya, Ölüm toxunuşu

Hela personajı Marvel Kinematoqrafiya Kainatında Keyt Blanşett tərəfindən canlandırılmışdır: "Tor: Raqnarök" (2017).

Nəşrolunma tarixi

Hela personajı German-skandinav mifologiyasındakı Hel personajı əsasında yaradılmışdır. Yaradıcıları Sten Li və Cek Körbidir. "Journey into Mystery" komiksinin 102-ci buraxılışında (mart 1964) debüt etmişdir.

Bioqrafiya

Hela buz nəhənglərinin ölkəsi olan Yotunhaymda Anqrboda və Lokinin qızı kimi anadan olur (buradakı Loki Torun qardaşı olan Loki deyil, onun başqa bir reinkarnasiyasıdır).[1] Odin Helanın gücünü tanıyandan sonra Hel və Niflhaym krallıqlarında ölülər üzərində hakimiyyət qurmasına icazə verir. Buna baxmayaraq, Helaya Valhalla üzərindəki hamiyyəti tanınmır. Valhalla bilindiyi kimi Asqarda sadiq olanların dinclik tapdığı cənnət kimi yerdir. Hela Odin və Torun da ruhlarını istəməyə başlayır və Asqardla döyüşlərə girişir.

Gücləri

Hela digər asqardlılar kimi çox güclü, dayanıqlı, uzunömürlüdür.[2] Hela Ölüm ilahəsi olduğundan əlində ölümü gəzdirir. Bir toxunuşu ilə bir ölümlünü öldürə və ya qismən qocalda bilər. Ölən tanrıların ruhlarını onların bədəninə qaytararaq onları həyata qaytarmaq gücünə malikdir. Naytsvord adlı qılınc gəzdirir və qılınc ustasıdır. Zəfərin əli adlı və bütün asqardlıları əridə biləcək xüsusi hücumu var. Plaşını geyinərkən daha güclü olur.

Digər media

Film

  • Hela "Halk Tora qarşı" video filmində görünmüş və Canis Cod tərəfindən səsləndirilmişdir.
  • Hela personajı Marvel Kinematoqrafiya Kainatında "Tor: Raqnarök" filmində Keyt Blanşett tərəfindən canlandırılmışdır.[3] Hela filmin əsas supercinayətkarıdır və Odinin qızıdır.[4] Odinin ölümündən sonra Asqarddakı hakimiyyəti ələ keçirməyə çalışır, hətta Torun çəkicini parçalayır.

Televiziya

  • Hela "Qisasçılar: Yerin ən qüdrətli qəhrəmanları" cizgi serialının "Asqardın çöküşü" və "Digərləri kimi olmayan bir gün" seriyalarında görünmüş və Nika Futterman tərəfindən səsləndirilmişdir. Qisasçılar müxtəlif dünyalara transportasiya olurlar, Kapitan Amerika isə Helanın krallığına düşür. Kapitan Amerika dostlarına kömək etmək üçün Heladan yardım istəyir, Hela isə bunun qarşılığında onun ruhuna sahib olmaq şərti qoyur. Kapitan Amerika təklifi qəbul edir.
  • Hela "Qisasçılar, birləşin" cizgi serialının "Valhalla gözləyə bilər" seriyasında görünmüş və Venessa Marşal tərəfindən səsləndirilmişdir.[5]

Videooyun

  • Ultimate Marvel vs. Capcom 3
  • Thor: God of Thunder
  • Marvel: Future Fight[6]
  • Marvel: Avengers Alliance

İstinadlar

Xarici keçidlər