İqtisadçı VK

(İqtisadçı Bakı QVK səhifəsindən istiqamətləndirilmişdir)

İqtisadçı VKAzərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu.[2][3] Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır.[4] Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı.[5] (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı[6]). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir[7].

İqtisadçı VK
Klubun tam adıİqtisadçı Qadın Voleybol Klubu
Ölkə
Şəhər Bakı
Ləqəb(lər)"İqtisadçılar"
"Tələbələr"
Rəng(lər)açıq göy-[1]
    -    
Yaranma tarixi2005
MeydançaAzərbaycan Voleybol Mərkəzi (əsas)
Sərhədçi İdman Olimpiya Mərkəzi (yardımçı arena)
Tutumu2.000
3.250
PrezidentiAzərbaycan Şəmsəddin Hacıyev
Baş məşqçisiTürkiyə Bülənt Karslıoğlu
LiqaAzərbaycan Superliqası
2013-20143
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Universitet klubu olduğu illər

"İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi. Universitet komandasının uğurlarının davamlı olması onun peşəkar kluba çevrilməsi üçün də gözəl zəmin yaratdı[8].

Peşəkar voleybol komandası kimi

Azərbaycan Superliqasında "Rabitə" – "İqtisadçı" oyunu. Bakı, 26.04.2009

"İqtisadçı" klubunun lisenziyası 2008-ci ilin yayında peşəkar voleybol komandası kimi rəsmən təsdiq edilmişdi. Ancaq bu peşəkar komandanın peşəkar səviyyədəki ilk çıxışı 2006-2007 mövsümünə təsadüf edir. Bu mövsümdə iqtisadçılar Azərbaycan voleybolunda ikinci səviyyəli liqa sayılan (hal-hazırda mövcud olmayan) Qadınlar birinci liqasında iştirak etmişdi. Rəqiblərindən açıq-aşkar güclü olan komandanın liqanı qalib başa vurması da təsadüf olmadı. Bu nailiyyət sayəsində komanda 2007-2008 mövsümündə yüksək liqada çıxış etmək hüquq qazandı. Bu isə 2007-ci ildən etibarən qadın voleybol liqamızda dörd komandanın iştirak edəcəyindən xəbər verirdi.[9]

2007-2008 idman mövsümü tələbələr üçün heç də uğursuz keçmədi. Superliqada dörd komanda içində sonuncu yeri tutmasına baxmayaraq növbəti mövsüm avrokuboklarda oynamaq şansı əldə etmişdilər. Komanda 2008-ci ildə Çağırış kubokunda iştirak edərək Azərbaycanı beynəlxalq arenada təmsil edən üçüncü voleybol klubu kimi tarixə düşmüşdü.[10] Ancaq, tələbələrin avrokuboklardakı debütü uğurlu alınmadı. Belə ki, Bakı klubu turnirə ikinci mərhələdən start verməsinə baxmayaraq irəlidəki turları görə bilmədi. Halbuki, rəqib də keçiləsi komanda idi. Püşk tələbələrin üzünə gülmüş və onların qarşısına Avropada elə də tanınmayan Kipr klubu AEL Limassolu çıxartmışdı.[11] Mərhələnin ilk oyununda Bakıda rahat qalib gələn klub gözlənilməz qərarla üz-üzə qaldı. Qərara əsasən, İqtisadçının qalibiyyəti ləğv edilmiş və kiprlilərə 3-0 hesablı texniki qalibiyyət verilmişdi.[12] Buna səbəb isə İqtisadçının qeyri-qanuni olaraq iki voleybolçunu (Avropa Voleybol Konfederasiyasına göstərilən siyahıda adı olmayan voleybolçuları) oynatması idi.[13] Səfərdəki görüşə psixoloji cəhətdən zəif çıxan komanda rəqibindən set ala bilməmiş və Çağırış kuboku ilə erkən vidalaşmışdı.[14]

Avropada tanındığı illər

2010-11 mövsümündə Çağırış Kuboku turnirində yarımfinala qədər irəliləyib.[15][16] Yalnız bu mərhələdə Azərbaycanın digər bir voleybol klubu Lokomotivə məğlub olaraq turniri üçüncü bitirib.[17][18] Qeyd edək ki, həmin mövsüm turnirin qalibi Azərbaycanın digər bir komandası "Azərreyl" olmuşdu.[19][20]

2011-12 mövsümü İqtisadçı üçün biabırçı keçdi. Heç bir CEV turnirinə vəsiqə qazana bilməyən komanda mövsümün sonunda italyan məşqçi Micele Patoia ilə yollarını da ayırdı. Buna səbəb tələbələrin ölkə çempionatında ilk üçə belə girə bilməməsi idi.[21]

Azərbaycan Superliqası 2012-13 mövsümündə Azərreyllə birlikdə 2-ci yeri tutaraq[22] CEV Qadınlar Çempionlar Liqasına vəsiqə qazanan komanda bu turnirdə iştirak edən 5-ci Azərbaycan klubu oldu.[23][24] Digər 4 klub isə yuxarıda sadalanan böyük beşlik klublarıdır. Elə ilk mövsümdəcə Çempionlar Liqasında qrup mərhələsini adlaya bildi iqtisadçılar. İqtisadçı -B- qrupunda River Volley Pyaçentsa (İtaliya), Dinamo Moskva (Rusiya), və Srvena Zvezda Belqrad (Serbiya) klublarına rəqib oldu.[25][26]

İlk Çempionlar liqası macərası

2013-2014 mövsümündə Çempionlar liqasına düşdükdən sonra[27] İqtisadçıda köklü dəyişikliklər oldu.[28] Klub Manon Flier kimi məşhur oyunçunu əzəli rəqibi Azərreyldən transfer etdi.[29][30] Avropa ikincisi olmuş Hollandiyalı isə ilk gündən kluba böyük xeyir verəcəyini göstərdi.[31] O, edilən transferlər içində ən faydalısı olduğunu dəfələrlə gərgin oyunlarda sübut etdi və komandanın liderinə çevrildi.[32][33] Qeyd edək ki, Manon daha öncə 2009 Avropa Çempionatında ən dəyərli oyunçu mükafatını qazanmışdı.[34] İqtisadçının ikinci ən dəyərli transferi Çinin "Shanghai Volleyball" komandasından alınan 2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yun Ven Ma olmuşdur. 28 yaşlı voleybolçu ümidləri doğrulda bilmədi və əsas heyətdə yerini itirdi. Bunun məntiqi nəticəsi kimi 2014-cü ilin fevralında Yun Venin müqaviləsi qarşılıqlı olaraq rədd edildi.[35] "İqtisadçı"nın üçüncü ən böyük transferi isə Polşanın "Bank Fakro" komandasından alınan italyan voleybolçu Valentina Serena idi.[36] Yun Ven kimi o da gözləniləni verə bilmədi və Çempionlar liqası kimi vacib turnirlərdə start heyətdə yer tapa bilmədi. Baş məşqçilik postuna isə yenidən Bülənt Karslıoğlu gətirildi.[37][38] O, tailandlı məşqçi Kiattipong Radchatagriengkai əvəz etdi.[39] Amma türk mütəxəssis heyətdəki tailandlı oyunçulara dəymədi[40] və əksinə daha bir neçə asiyalı voleybolçunu heyətə qatdı.[41] Bunun məntiqi nəticəsi kimi kapitan da Tailand seçməsinin üzvü Vilavan Apinyaponq oldu[42] və klub heyətini tam formalaşdırdıqdan sonra Çempionlar liqasına hazır oldu...[43]

Çempionlar liqasının qrupunda yalnız "Srvena Zvezda"nı qabaqlayan universitet klubu qrupun üçüncüsü oldu.[44] Ancaq bu yer İqtisadçıya qrupdan çıxmaq üçün kifayət etmirdi. Növbəti mərhələyə adlayan klublardan olan Rabitə “Dördlər finalı”na ev sahibliyi etmək hüququ qazandığından birbaşa yarımfinal mərhələsinə yüksəldi[45] və onun boş qalan playoff vəsiqəsinə qrup üçüncüləri namizəd oldular. Xoşbəxtlikdən namizədlər içərisində ən çox xal toplayan komanda İqtisadçı oldu və iqtisadçılar 1/6 final mərhələsinə vəsiqə qazandılar.[46] Püşkatmada iqtisadçıların bəxti gətirmədi və rəqibləri turnirin son qalibi, 69 oyunluq məğlubiyyətsizlik seriyası olan,[47] dünya çempionu və rekordçusu VakıfBank oldu.[48] Güclü rəqibinə hər iki görüşdə məğlub olan tələbələrin ilk Çempionlar Liqası macərası erkən bitdi.[49][50][51]

Qızıl dövrün başlanğıcı

İqtisadçı Çempionlar liqasındakı uğurlu çıxışından sonra tamamilə ölkə çempionatına kökləndi. Superliqada 2013-14 mövsümünü doqquz qələbə və altı məğlubiyyətlə bitirən komanda sonda qazandığı 34 setlə "Rabitə""Azəryol"un ardından üçüncü yeri tutdu.[52] Reqlamentə əsasən ilk dörd yeri tutan komandalar "pley-off"a vəsiqə qazandığından komanda yarımfinalda liqa üsulu ilə keçirilən mövsümün ikincisi olan Azəryola rəqib oldu.[53] Hər iki görüşdə rəqibinə məğlub olan tələbələr final şanslarını itirdilər.[54] Acı məğlubiyyətdən sonra "Azərreyl"ə üçüncülük matçına çıxmalı olan komanda tez bir zamanda özünü toplaya bildi. Burada ilk qarşılaşmanı 3-1[55] digər iki görüşü isə quru hesabla[56] qalib bitirən iqtisadçılar yekunda Azərbaycan çempionatının bürünc medallarına yiyələndilər.[57][58]

Bu bürünc medal artıq İqtisadçıda yeni dövrün başlandığının bariz nümunəsi idi. Artıq komanda hədəflərinin nə qədər böyük, uğurlarının isə təsadüf olmadığını sübut etmişdi. Belə ki, Azərreyllə oynanılan qarşılaşma tək medal qarşılaşması deyil həm də Çempionlar liqasına bilet şansı idi.[59] Bu şansdan maksimum istifadə edən komanda 2014-15 Çempionlar Liqasındakı yerini təmin etdi.[60] Belə ki, mövsüm boyu zədəli oyunçularla mübarizə aparan komanda liberosuz bu uğura nail ola bilmişdi. Komandanın hər iki liberosu Lenka DürrVanna Buakeva zədəli olduğundan İqtisadçı mövsümün son oyunlarında əlavə oyunçulardan istifadə etdi.[61] Sayca üçüncü bürüncünə yiyələnən[62] tələbələrin sevincinə ikinci komandası da çıxdı. Belə ki, İqtisadçının əvəzedici komandası da mövsümü ikinci sırada bitirərək gümüş medalları boynundan asmışdı.[63]

Komandanın atributları

Loqosu

Emblem 2008-ci ildə yaradılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi loqosunun üzərinə azərbaycancaingiliscə İqtisadçı Voleybol Klubu yazılmışdır[64]. Emblemin içərisində Azərbaycan bayrağının rənglərinə boyanmış səkkizguşəli ulduz milli mentalitetimizi əks etdiririr. Ulduzun içərisində olan Ay-ulduz bütün türk dünyasının simvolu sayılır[65]. Nəzərə çarpacaq qədər görünən Yer kürəsikitab rəsmi isə elm, tədris simvoludur. Bütün bunlar isə İqtisadçının universitet komandası olmasından xəbər verir.

Rəsmi himni

Iqtisadçı Bakı VK-nın rəsmi mahnısı

Fan-klubu

Azarkeş sayına görə ölkədə birinci olan İqtisadçılar[66] dolu tribunalar qarşısında oynamaq alışqanlığı yaradıblar. Bu mənada ilk fan-klubun yaradılmasına 2014-cü ildə cəhd edilmişdir.[67]

Meydançası

Komanda ev oyunlarını Bakı Voleybol Mərkəzinda keçirmişdir. Superliqadakı əksər oyunlar[68]Çempionlar Liqasındakı klublarımızın ev oyunları da bu arenada təşkil olunurdu. Meydança hazır olmadıqda isə komandalar yardımçı arenalardan Sərhədçi İdman Olimpiya MərkəziBakı Kristal Zalından (azərkeşlərin sayı çox olduqda) istifadə edirdilər. Tələbələr də eyni qayda ilə bu meydançalarda ev sahibi ola bilib.[69]

Heyəti

Əsas heyət

2013-14 mövsümü üçün[70][71]

Komandanın liberosu Vanna Buakeva
NömrəOyunçunun adıMövqeyiBoyu (metr)Çəkisi (kq)Doğum tarixiBlok yüksəkliyi (sm)
1 Vanna BuakevaLibero1.725402/01/1981278
2 Lenka DürrLibero1.715910/13/1990270
3 Villougbhy KimHücumçu1.807507/11/1980300
5 Pleumjit ZinkaovBlokçu1.806409/11/1983279
6 Onuma SittirakHücumçu1.757213/06/1986285
7 Ariel VilsonToppaylayıcı1.917203/01/1989308
10 Vilavan Apinyaponq Hücumçu1.746506/06/1984280
12 Manon FlierDiaqonal1.927308/02/1984301
15 Yun Ven MaBlokçu1.897019/10/1986307
16 Ley ZanqDiaqonal1.817111/01/1985310
18 Valentina SerenaToppaylayıcı1.847010/11/1981298

İdarə və texniki heyət

Rəhbərlik

Məşqçilər korpusu və texniki işçilər

  • Baş məşqçi : Bülənt Karslıoğlu
  • Köməkçi məşqçi : Fərid Cəlalov
  • Köməkçi məşqçi : Şahin Abdullayev
  • Menecer : Araz İsmayılov
  • Satatist : Mixael Qottvald
  • Fizioterapist : Titovets Sergey
  • Masajist : Tavuz Cabbarova[73]

Uğurları

Beynəlxalq arenada

Ölkə daxili

Azərbaycan Çempionatı:

CEV turnirlərindəki oyunları

MövsümTurnirMərhələRəqibI oyunII oyunNəticə
2008/2009Çağırış kubokuII mər AEL Limassol(e)0:3[q 1](s)0:30-2[74]
2009/2010Çağırış kubokuII mər Qalatasaray(e)0:3(s)0:30-2[75]
2010/2011Çağırış kubokuI mər Kula Qradaçats(s)3:0[q 2](e)3:02-0[76]
II mər Klaqenfurt(e)3:0(s)3:02-0[77]
III mər Tent(s)3:0(e)3:02-0[78]
1/8 Stiinta Bacau(s)3:0(e)3:12-0[79]
1/4 KP Brno(e)3:0(s)3:22-0[80]
1/2 Lokomotiv Bakı(e)0:3(s)3:21-1[81][q 3]
2011/2012CEV KubokuI mər Dinamo Buxarest(e)3:0(s)3:22-0[82]
II mər Yamamay Busto Arsizio(s)0:3(e)2:30-2[83]
2012/2013CEV KubokuI mər Sliedrext(e)3:0(s)3:02-0[84]
II mər Omiçka(e)3:1(s)1:31-1[85][q 4]
2013/2014CEV Çempionlar LiqasıQrup mər Srvena Zvezda Belqrad(s)3:0[86](e)3:1[87](6 xal)-(0 xal)
Qrup mər Dinamo Moskva(e)3:2[88](s)0:3[89](2 xal)-(4 xal)
Qrup mər River Volley Pyaçentsa(e)1:3[90](s)0:3[91](0 xal)-(6 xal)
pley-off Vakıfbank(e)0:3[92](s)0:3[93]0-2
2014/2015CEV Kuboku1/16 final CV Murillo(s)t.m(e)t.m0-2

Qeydlər:

Avropadakı statistikası

Son yenilənmə: 6 may, 2014.

TurnirOQMASVSƏn yaxşı nəticəsi
Çağırış kuboku161153320Yarımfinal (2011)
CEV Kuboku8531812II mərhələ (2012, 2013)
CEV Çempionlar Liqası8351018Pley-off (2014)
Toplam3219136150Yarımfinal (2011)

Reytinqi

CEV reytinqində

2013-cü ilin yekununa görə[94]

SıraKomandaXal
24 Srvena Zvezda Belqrad42
25 MKS Dabrova Gornicza40
26 Volei 2004 Konstansa38
27 İqtisadçı38
28 VK Prostejov36
29 Şveriner SC36
30 Bakı VK36

Voleybol üzrə Azərbaycan Superliqasında

2013-2014 mövsümünün yekununa əsasən [52]

SıraKomandaXal
Rabitə Bakı38
Azəryol Bakı34
İqtisadçı31
4Azərreyl Bakı19
5Lokomotiv Bakı14
6Telekom QVK3

Unudulmayanlar

İz buraxmış voleybolçuları

  • Yuko Sano — 2010-2012-ci illərdə tələbələrin şərəfini qoruyan yaponiyalı libero oynadığı vaxtlarda komandanın ən çox əsas heyətdə yer alan voleybolçusu olmuşdu.[95] Komandanın superliqada bürünc qazandığı 2010-11 mövsümündə böyük pay sahibi olmuş və liqanın "Ən yaxşı liberosu" seçilmişdir.[96] 2012-ci ildə İqtisadçını yaxşı büdcəyə malik Qalatasaray komandasına dəyişmişdi.[97][98]
  • Nansi Metkalf — 2012-ci ildə Superliqanın gümüş mükafatçısı kimi Lokomotivdən böyük ümüdlərlə transfer olunmuşdu.[99] İqtisadçının da eyni uğuru qazanmasında böyük rol oynayan amerikalı voleybolçu 2013-cü ildə komandanı tərk edərək karyerasını bitirmək haqqında qərar qəbul etsə də[100] daha sonra bu qərarını dəyişərək legioner karyerasını Yaponiyada davam etdirmişdi.[101]
  • Nutsara Tomkom — İqtisadçı 2012-ci ilin iyulunda onu Azərreyldən heyətinə qatmışdı.[102] İqtisadçıda göstərdiyi möhtəşəm oyunla komandanın liderinə çevrilə bilmişdi. Tələbələrin heyətindəki əzmkar voleybolu dünya voleybol ictimaiyyətinin də nəzərindən qaçmadı və 2013-cü ilin martında dünyanın ən yaxşı voleybolçusu seçildi.[103][104] Bütün bunlara baxmayaraq komanda onu heyətində saxlaya bilmədi və mövsümün sonunda böyük məbləğ müqabilində Rabitəyə satdı.[105]
  • Manon Flier — məşhur hollandiyalı voleybolçu İqtisadçının heyətinə 2013-cü ildə Azəryoldan (sabiq Azərreyl) qoşulmuşdu.[106] Yeni komandasına tez bir zamanda uyğunlaşan Flier 2013-14 CEV Çempionlar Liqasında 8 oyuna qazandığı 99 xalla komandasının bu turnirdəki bombardiri olmuş və pley-offa qədər irəliləməsində ən böyük pay sahibi olmuşdu.[107][108][109][110][111][112][113][114] Bundan başqa İqtisadçının heyətində Azərbaycan Superliqasında 2013-2014 mövsümünün "Ən yaxşı servisçisi" mükafatını da qazanmışdı.[115]

Baş məşqçi dəyişiklikləri

Qeyd: İlki əsas ikincisi yardımçı köməkçi məşqçidir.[116]

Çalışdığı ilBaş məşqçiKöməkçiləri
2008-2010 Volodimir Podkopayev
2010-2011 Erkan Kayacan / Xəlil Rəşad Yazıcıoğulları
Jan Jose De Brandt
2011-2012 Micele Patoia Fərid Cəlalov
Emanuele Sbano
2012 Bülənt Karslıoğlu Mixael Qottvald
Fərid Cəlalov
2012-20131 Kiattipong Radchatagriengkai Mixael Qottvald
Fərid Cəlalov
2013- Bülənt Karslıoğlu Fərid Cəlalov
Mixael Qottvald

1Bir neçə oyun Fərid Cəlalov da baş məşqçilik etmişdir.[117]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər